2018-01-19
2018-ci ilin 19 yanvar tarixində Azərbaycan Respublikasının Serbiya Respublikasındakı Səfirliyi tərəfindən Qanlı Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirilmişdir.

Tədbirdə Serbiya ictimaiyyətinin nümayəndələri, Serbiya Parlamentində fəaliyyət göstərən Azərbaycanla dostluq qrupunun üzvləri, Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin və Serbiya-Azərbaycan ticarət-iqtisadi Palatasının üzvləri, Serbiyada yaşayan Azərbaycan icmasının üzvləri və təhsil alan azərbaycanlılar, KİV və Belqrad şəhərinin müsəlman icmasının nümayəndələri iştirak etmişlər.

Tədbirin əvvəlində iştirakçılar 20 yanvar faciəsini əks etdirən fotoguşə ilə tanış olmuş, sonra 20 yanvar şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirdə çıxış edən Səfir Eldar Həsənov 20 yanvar faciəsi zamanı Sovet qoşunları tərəfindən törədilmiş vəhşilikləri xatırlayaraq, milli azadlıq yolunda şəhid olan qəhrəmanların xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını diqqətə çatdırmışdır. O, 1990-cı il 20 yanvar tarixində Sovet İttifaqı Kommunist Partiyası rəhbərliyinin, şəxsən Mixail Qorboçovun və mövcud rejimin sovet silahlı qüvvələrinin Azərbaycan xalqına qarşı törətdiyi və öz qəddarlığı ilə seçilən təcavüzdən bəhs edərək, konstitusiya hüquqlarının bərqərar edilməsini tələb edən, azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparan silahsız vətən övladlarının və dinc əhalinin vəhşicəsinə gülləbəran edilməsindən danışmışdır. Səfir faciə zamanı 130-dan artıq insanın qətlə yetirildiyi və 700-dən artıq insanın müxtəlif dərəcəli bədən xəsarətləri aldığını qeyd edərək, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1990-cı ilin 21 yanvar tarixində Azərbaycanın Moskva şəhərindəki nümayəndəliyinə gələrək, Sovet rəhbərliyinə qarşı açıq etiraz etdiyi xüsusi vurğulamış, həmin hadisələrə məhz ulu öndərimizin təşəbbüsü ilə ilk dəfə siyasi-hüquqi qiymət verildiyini bildirmişdir.

Tədbirdə Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 1990-cı il 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar Bəyanatı oxunmuşdur.

Sonra mərasim iştirakçıları “Azadlığa aparan yol” sənədli filminə baxmışlar.

Səfirlik tərəfindən hazırlanmış, 20 Yanvar faciəsinin səbəblərini və nəticələrini özündə əks etdirən press-reliz, eləcə də Azərbaycan Ombudsmanının bununla əlaqədar bəyanatı xarici ölkələrin Belqrad şəhərindəki Səfirlikləri və beynəlxalq təşkilatların nümayəndəlikləri, Serbiyanın dövlət strukturları, qeyri-hökumət təşkilatları və KİV arasında yayılmışdır.

növbəti xəbər əvvəlki xəbər