2016-02-25
Xocalı qırğının 24-cü ildönümü ilə əlaqədar anım mərasimi

25 fevral tarixində Azərbaycan Respublikasının Serbiyadakı Səfirliyi Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi ilə birlikdə bu mərkəzin ofisində Xocalı soyqırımı ilə bağlı anım mərasimi təşkil etmişlər. Mərasimdə Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi, Serbiya-Azərbaycan Ticarət Palatasının rəhbərliyi və üzvləri, Serbiyada yaşayan Azərbaycan icmasının üzvləri və təhsil alan azərbaycanlı tələbələr, Serbiya ictimaiyyətinin nümayəndələri iştirak etdilər.

Tədbir iştirakçıları Xocalı qırğının qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru xanım Zərifə Əlizadə tədbirdə Xocalı faciəsi barədə danışarkən həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlamış “Xocalıya ədalət” beynəlxalq təbliğat kampaniyası, yenilənmiş www.justiceforkhojaly.org internet portalı və serb dilində fəaliyyət göstərən www.xocali.rs və www.khojaly.rs internet səhifələri haqqında tədbir iştirakçılarını məlumatlandırdı.

Səfir Eldar Həsənov tədbirdə çıxış edərək, erməni millətçilərinin vaxtaşırı dövlətimizə və xalqımıza qarşı əsassız ərazi iddiaları irəli sürdüklərindən və həyata keçirdikləri cinayətlərdən danışdı. O, Xocalı qırğınının erməni silahlı qüvvələri və keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının birbaşa iştirakı ilə törədildiyini, bu faciənin Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olduğunu söylədi. Səfir Xocalı soyqırımını törətmiş şəxslərin cəzalandırılmasının labüd olduğunu vurğulayaraq, həmin şəxslərin ya dövlətin ərazisində səlahiyyətli məhkəmələrdə, yaxud da beynəlxalq məhkəmədə mühakimə olunacaqlarına əminliyini ifadə etdi.

Serbiyada xidməti ezamiyyətdə olan və öz təşəbbüsü ilə tədbirə qatılmış Azərbaycan Texniki Universitetinin professoru Valeh Baxşəliyev də tədbirdə çıxış etdi.

Daha sonra tədbir iştirakçıları Xocalı soyqırımını əks etdirən fotostend ilə tanış oldular.

Tədbir çərçivəsində Azərbaycanın Serbiyadakı Səfirliyinin dəstəyi ilə Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən hazırlanmış və Xocalı soyqırımının qurbanlarının xatirəsinə həsr olunmuş videoklip nümayiş olundu.

 

növbəti xəbər əvvəlki xəbər