İkitərəfli münasibətlərin yaradılması haqqında məlumat

Qısa tarixi məlumat:

Keçmiş Yuqoslaviya Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 31-də tanımış, ikitərəfli Serbiya və Monteneqro İttifaqı ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlər isə 21 avqust 1997-ci ildə qurulmuşdur.

2010-cu ilin 25 mart tarixində Azərbaycan Respublikasının Serbiya Respublikasinda Səfiri təyin edilmiş Eldar Həsənov etimadnamələrini Serbiya Prezidentinə təqdim etmişdir. Serbiya Azərbaycanda iqamətgahı Türkiyədə olan Səfirliyi vasitəsilə təmsil olunurdu. 2011-ci ilin fevral ayında Serbiyanın Azərbaycanda müvəqqəti işlər vəkili fəaliyyətə başlamışdır. Serbiya Respublikasının Azərbaycana təyin olunmuş Səfiri Zoran Vayoviç 26 may 2011-ci il tarixində etimadnamələrini Azərbaycan Prezidentinə təqdim etmiş, 6 mart 2014-cü ildə fəaliyyəti başa çatmışdır. 23 oktyabr 2014-cü ildə Serbiyanın Azərbaycana yeni təyin olunmuş Səfiri Neboyşa Rodiç öz etimadnaməsini Azərbaycan Respublikasının Prezidentinə təqdim etmişdir.

 

Yüksək səviyyəli qarşılıqlı səfərlər:

Dövlət başçıları:

2010-cu il 11-13 may
            
Prezident Boris Tadiçin Azərbaycana rəsmi səfəri.

2011-ci il 8-9 iyun   
              
Prezident İlham Əliyevin Serbiyaya rəsmi səfəri.

2013-cü il 7-9 fevral  
            
Prezident Tomislav Nikoliçin Azərbaycana rəsmi səfəri.

2015-ci il 11-13 iyun  
           
Prezident Tomislav Nikoliçin 1-ci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Azərbaycana səfəri.

Baş nazirlər:

2015-ci il 13-15 aprel  
          
Baş nazir Aleksandar Vuçiçin Azərbaycana rəsmi səfəri

Nazirlər:

2007-ci il 18-19 aprel  
 
Xarici işlər naziri Elmar Məmmədyarovun Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 16-cı görüşündə iştirak etmək məqsədilə işgüzar səfəri.

2007-ci il 10-12 oktyabr

Ekologiya və təbii sərvətlər naziri Hüseyn  Bağırov Avropa Ətraf Mühit Nazirlərinin 6-cı Belqrad  Konfransında iştirakı.

2008-ci il 5 dekabr  
       
Ədliyyə naziri Fikrət Məmmədovun səfəri.

2009-cu il 23-26 iyun
    
Xarici işlər naziri Vuk Yeremiçin rəsmi səfəri.

2010-cu il 12-14 iyul
    
İqtisadi inkişaf naziri Şahin Mustafayevin səfəri.

2011-ci il 3-4 may
         
Xarici işlər naziri Elmar Məmmədyarovun rəsmi səfəri.

2011-ci il 31 avqust - 1 sentyabr

Xarici işlər naziri Vuk Yeremiçin Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri qismində işgüzar səfəri.

2011-ci il 5-6 sentyabr
Xarici işlər naziri Elmar Məmmədyarovun “Qoşulmama Hərəkatı”nın 50-ci ildönümünə həsr olunmuş yubiley tədbirində iştirak etmək məqsədilə işgüzar səfəri.

2011-ci il 3-4 noyabr

İqtisadi inkişaf naziri Şahin Mustafayevin Azərbaycan-Serbiya Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 1-ci iclasında iştirak etmək məqsədilə səfəri.

2011-ci il 21 dekabr

Serbiyanın əmək və sosial siyasət naziri Rasim Lyayiçin və kənd təsərrüfatı, ticarət, meşəçilik və su təsərrüfatı naziri D.Petroviçin YAP tərəfindən təşkil olunmuş “Modernləşmə strategiyası: qlobal siyasətin və iqtisadiyyatın müasir çağırışları” beynəlxalq konfransında iştirak etmək üçün səfərləri.

2012-ci il 24-25 yanvar

Serbiyanın iqtisadiyyat və regional inkişaf naziri Neboyşa Çiriç Azərbaycanda səfərdə olmuşdur. Səfər çərçivəsində “Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında iqtisadi və texniki əməkdaşlıq haqqında Saziş” imzalanmışdır.

2012-ci il 2 fevral    
       
Serbiyanın xarici işlər naziri Vuk Yeremiçin səfəri.

2012-ci il 14-15 mart
 
 
Serbiyanın iqtisadiyyat və regional inkişaf naziri Neboyşa Çiriç və “Jat” aviaşirkətinin direktoru Azərbaycanda səfərdə olmuşlar.

2012-ci il 15 mart  
       
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun Belqradda keçirilmiş Avropa Şurası İdman Nazirlərinin 12-ci Konfransında iştirakı.

2012-ci il 11 aprel  
      
Azərbaycan Respublikasının sənaye və energetika naziri Natiq Əliyevin Belqrad şəhərində keçirilmiş Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) energetika nazirlərinin toplantısında iştirakı.

 2012-cü il 3-4 may  
    
Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyevin səfəri.

2012-ci il 26-27 noyabr

Serbiya Baş nazirinin müavini, xarici və daxili ticarət və telekommunikasiyalar naziri Rasim Lyayiçin Azərbaycan-Serbiya Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 2-ci iclasında iştirak etmək məqsədilə səfəri.

2013-cü il 28 may   
     
Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyevin səfəri.

2013-cü il 1-5 iyul  
      
Serbiya Respublikasının gənclər və idman naziri Alisa Mariçin səfəri.

2014-cü il 17-18 fevral 

Azərbaycan Respublikası müdafiə naziri Zakir Həsənovun rəsmi səfəri.

2014-cü il 3-4 mart  
    
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin Azərbaycan-Serbiya Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 3-cü iclasında iştirak etmək məqsədilə səfəri.

2014-cü il 11-13 avqust

Serbiyanın müdafiə naziri Bratislav Qaşiçin Azərbaycana rəsmi səfəri.

2014-cü il 9-10 sentyabr

Serbiyanın xarici işlər naziri İvitsa Daçiçin rəsmi səfəri.

2014-cü il 28-30 oktyabr

Serbiyanın gənclər və idman naziri Vanya Udoviçiçin

Bakıda keçirilmiş Gənclər Siyasəti üzrə I Qlobal Forumda iştirak etmək məqsədilə səfəri.

2015-ci il 3-6 may

Serbiyanın Avropaya inteqrasiya üzrə portfelsiz naziri, hakim Serb Tərəqqipərvər Partiyasının (SNS) xarici əlaqələr üzrə katibi Yadranka Yoksimoviçin SNS və Azərbaycanın hakim partiyası YAP arasında əməkdaşlıq memorandumunun imzalanması məqsədi ilə səfəri.

2015-ci il 18-19 may
 
Serbiya Respublikasının mədəniyyət və informasiya naziri İvan Tasovatsın Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak məqsədi ilə səfəri.

2015-ci il 1 iyun
          
ATƏT-in fəaliyyətdə olan Sədri, Serbiya Respublikası Baş nazirinin birinci müavini, xarici işlər naziri İvitsa Daçiçin səfəri.

2015-ci il 11-13 iyun
 
            
Serbiyanın gənclər və idman naziri Vanya Udoviçiçin 1-ci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Azərbaycana səfəri.

2015-ci il 28-29 sentyabr
      
Serbiya Baş nazirinin müavini, ticarət, turizm və telekommunikasiya naziri Rasim Lyayiçin Azərbaycan-Serbiya Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 4-cü iclasında iştirak etmək məqsədilə səfəri.

2015-ci il 3-4 dekabr
 
           
Xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT Nazirlər Şurasının 22-ci iclasında iştirak etmək məqsədilə işgüzar səfəri.

2016-cı il 6-7 noyabr

İqtisadiyyat naziri Şahin Mustafayevin Azərbaycan və Serbiya hökumətləri arasında 2012-ci ildə imzalanmış Kredit Sazişinə uyğun olaraq Serbiyada tikilmiş avtomobil magistralının Ljig-Preljina hissəsinin açılışında iştirak etmək məqsədilə işgüzar səfəri.

2016-cı il 4-6 dekabr

Serbiya Respublikası Baş nazirinin müavini, daxili işlər naziri Neboyşa Stefanoviçin Azərbaycanda səfəri

 

Parlamentlərarası əlaqələr:

2011-ci ilin 8 aprel tarixində

Milli Məclisdə təsdiq edilmiş Azərbaycan-Serbiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Məlahət İbrahimqızıdır.

2014-cü ilin 10 iyun tarixində

Serbiya Parlamentində 39 deputatdan ibarət Serbiya-Azərbaycan parlamentlərarası dostluq qrupu təsis edilmişdir. Qrupun sədri Katarina Rakiçdir.

2011-ci il 6-10 iyul
      
AR Milli Məclisinin sədr müavini Bahar Muradovanın rəhbərlik etdiyi nümayəndə heyəti ATƏT PA-nın Belqradda keçirilmiş 20-ci sessiyasında iştirak etmək üçün Serbiyada səfərdə olmuşdur.

2014-cü il 10-12 dekabr  
      
Serbiya Parlamentinin Sədri Maya Qoykoviçin Azərbaycana rəsmi səfəri.

Sahələr üzrə əməkdaşlıq

1.Siyasi sahədə

2010-cu il 6 aprel Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Araz Əzimov Serbiyaya siyasi məsləhətləşmələr aparmaq məqsədilə səfər etmişdir.

2011-ci il 11 may Bakıda, Serbiya xarici işlər nazirinin beynəlxalq və regional təhlükəsizlik məsələləri üzrə müavini Zoran Vuyiç ilə təhlükəsizlik məsələləri üzrə məsləhətləşmələr keçirilmişdir.

2012-ci il 11 oktyabr Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Araz Əzimov siyasi məsləhətləşmələr aparılması məqsədilə Serbiyada səfərdə olmuşdur.

Siyasi sahədə əsas saziş və müqavilələr:

  1. Azərbaycan Respublikası Prezidentinin və Serbiya Respublikası Prezidentinin Birgə Bəyannaməsi. Bakı, 13 may 2010-cu il.
     
  2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Serbiya Respublikasının Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Protokol. Bakı, 13 may 2010-cu il.
  3. Azərbaycan Respublikası və Serbiya Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə. Bakı, 8 fevral 2013-cü il

2013-cü ilin fevral ayında “Beynəlxalq hüquqa riayət olunması və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişənin sülh yolu ilə həllinə dair qətnamə” layihəsi Serbiya Parlamentinin gündəliyinə salınmışdır.

2.İqtisadi sahədə

7 iyun 2011-ci ildə Azərbaycan-Serbiya Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyası yaradılmışdır. Komissiyanın Azərbaycan tərəfdən həmsədri iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, Serbiya Respublikası tərəfdən həmsədri Baş nazirin müavini, ticarət, turizm və telekommunikasiya naziri Rasim Lyayiçdir. Komissiyanın indiyədək 4 iclası keçirilmişdir. Son iclas 28 sentyabr 2015-ci ildə Bakı şəhərində keçirilmişdir.

İki ölkə arasında indiyədək 5 Biznes Forum keçirilmişdir.

Serbiyada 2010-cu ildə Serbiya-Azərbaycan Ticarət Palatası təsis edilmişdir.

2013-cü ilin martında Azərbaycanın “AzVirt” şirkəti Serbiyada “11-ci dəhliz” avtomobil yolunun Lyiq-Prelyina hissəsinin tikintisinə başlamışdır. Azərbaycan və Serbiya hökumətləri arasında 2012-ci ildə imzalanmış Kredit Sazişinə uyğun olaraq tikilmiş yolun açılışı 2016-cı il noyabrin 7-də olmuşdur. Layihənin reallaşdırılması üçün Azərbaycan hökuməti tərəfindən Serbiyaya 300 mln. avro kredit ayrılıb. Ümumi uzunluğu 40,3 km olan yol 66 körpü və 4 tuneldən ibarətdir.

2016-cü ildə Azərbaycan Respublikasının Serbiya Respublikası ilə

ticarət əlaqələri haqqında

2016-cı ildə Azərbaycan Respublikasının Serbiya Respublikası ilə ticarət dövriyyəsinin həcmi 4,40 mln. ABŞ dolları, o cümlədən idxalın həcmi 4035,65 mln. ABŞ dolları, xarici ticarət saldosu isə mənfi 4031.32 mln. ABŞ dolları olmuşdur (mənbə: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi).

İqtisadi sahədə əsas saziş və müqavilələr:

  1. Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında Saziş. Bakı, 13 may 2010-cu il.
     
  2. Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında Konvensiya. Bakı, 13 may 2010-cu il.
     
  3. Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında Saziş. Belqrad, 8 iyun 2011-ci il
    .
  4. Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında iqtisadi və texniki əməkdaşlıq haqqında Saziş. Bakı, 25 yanvar 2012-ci il

3.Humanitar sahədə

2010-cu ilin iyun ayında Belqrad şəhərində Azərbaycan Mədəniyyət Mərkəzi yaradılmışdır.

2011-ci ildə Azərbaycan Hökumətinin dəstəyi ilə Belqraddakı “Taşmaydan parkı” yenidən qurulmuş və abadlaşdırılmışdır. Parkda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və görkəmli serb yazıçısı Milorad Paviçin heykəlləri ucaldılmışdır.

2011-ci ildə Azərbaycan Hökumətinin dəstəyi ilə Serbiyanın Novi Sad şəhərində dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin adını daşıyan, Azərbaycan və Serbiya xalqları arasında dostluq rəmzi olan “Üzeyir Hacıbəyli Memorialı” yaradılmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəxsi göstərişi və Azərbaycan Hökumətinin dəstəyi ilə 2011-2012-ci illərdə Belqraddakı “Bayraklı Cami” məscidinin təmiri və bərpası, Novi Sad şəhərində “Müqəddəs Petka” kilsəsinin tikintisi və təmiri, həmçinin Novi Pazar şəhərində Mədəniyyət Mərkəzinin təmiri həyata keçirilmişdir.

22 fevral 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Serbiya Olimpiya Komitəsinin sədri Vlade Divatsın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Görüşdə Azərbaycan və Serbiya, həmçinin Balkan ölkələri arasında çoxşaxəli əlaqələrin inkişafına verdiyi töhfələrə və Azərbaycan və Balkan xalqlarının yaxınlaşmasında xüsusi xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə “Ana və Vlade Divats Fondu”nun “Balkanların ləyaqətli dostu” beynəlxalq mükafatı təqdim edilmişdir.

21-24 avqust 2012-ci ildə Serbiyanın Zlatibor şəhərində keçirilmiş “Zlatibor-2012” birinci Beynəlxalq idman filmləri festivalında Azərbaycan rejissoru Arzu Urşanın “Top bəzən uçur, bəzən yerə düşür” filmi festivalın birinci mükafatına layiq görülmüşdür.

7-9 fevral 2013-cü ildə Serbiya Respublikasının Prezidenti Tomislav Nikoloçin Azərbaycana rəsmi səfəri zamanı Bakıda görkəmli serb alimi, fizik Nikola Teslanın abidəsinin rəsmi açılışı olmuşdur.   

29 iyun–2 iyul 2013-cü ildə Serbiyanın Zlatibor şəhərində keçirilmiş “Zlatibor-2013” ikinci Beynəlxalq idman filmləri festivalında Azərbaycan rejissoru Rafiq Quliyevin “Çövkən” filmi festivalın birinci mükafatına layiq görülmüşdür. Filmin nümayişindən sonra mükafat və diplom Azərbaycanın Serbiyadakı Səfirliyinin əməkdaşına təqdim edilmişdir.

23 iyul 2013-cü il tarixində Serbiyanın paytaxtı Belqrad şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında  Gənclər Fondunun, Azərbaycan Respublikasının Serbiya Respublikasındakı Səfirliyinin, Azərbaycan-Rumıniya Ticarət Palatasının və Belqrad şəhərindəki Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilati dəstəyi ilə “Gənclərin İqtisadi, Sosial və Mənəvi İnkişafına Yardım” İctimai Birliyi tərəfindən “Dağlıq Qarabağ münaqişəsi uşaqların gözü ilə” adlı Azərbaycan uşaqlarının rəsm sərgisinin açılışı keçirilmişdir.

20-25 avqust 2013-cü il tarixlərində Serbiyanın Zrenyanin şəhərində Yeniyetmələr arasında Güləş üzrə Dünya Çempionatı keçirilmişdir. Sevindirici haldır ki, ümumilikdə 4 qızıl, 2 gümüş və 5 bürünc medal qazanan yeniyetmə güləşçilərimiz komanda hesabında dünya ikincisi olmuşlar.

22 avqust 2013-cü il tarixində “Gənc liderlər” təhsil, təlim və inkişaf İctimai Birliyinin növbəti layihəsi çərçivəsində Gəncədən bir qrup gənc Serbiya Respublikasında səfərdə olmuşlar.

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) ilə Serbiya Universitetləri Tələbə Konfransı (SKONUS) arasında imzalanmış əməkdaşlıq memorandumuna əsasən bir həftə tələbə mübadiləsi proqramı çərçivəsində beş azərbaycanlı tələbə 2-9 sentyabr 2013-cü il tarixlərində Serbiyada, beş serbiyalı tələbə isə 10-16 sentyabr 2013-cü il tarixlərində Azərbaycanda səfərdə olmuşlar.

19-24 sentyabr 2013-cü il tarixlərində Azərbaycan Yazıçılar Birliyinin Sədri, Azərbaycanın Xalq Yazıçısı Anar Rzayev Serbiya Yazıçılar İttifaqının Sədri Radomir Andriçin dəvəti əsasında Yazıçıların 50-ci Belqrad Beynəlxalq Qurultayında iştirak etmək məqsədi ilə Serbiyada səfərdə olmuşdur.

Azərbaycan Respublikasının Serbiya Respublikasındakı Səfirliyinin vasitəçiliyi ilə 25 sentyabr 2013-cü il tarixində “Azərbaycan Milli Kitabxanası ilə Serbiya Respublikasının Milli Kitabxanası arasında əməkdaşlıq haqqında Memorandum” imzalanmışdır.

1-6 oktyabr 2013-cü il tarixlərində Belqrad şəhərində hər il ənənəvi olaraq keçirilən “Avropanın sevinci” Beynəlxalq Uşaq Festivalında iştirak etmək məqsədi ilə Bakı Xoreoqrafiya Məktəbinin şagirdləri Serbiyada səfərdə olmuşlar.

20-23 oktyabr 2013-cü il tarixlərində Azərbaycanın qadınlardan ibarət “İqtisadçı” voleybol klubu Avropa çempionlar Liqası turniri çərçivəsində Serbiyanın “Çrvena Zvezda” klubu ilə oyun keçirmək məqsədilə Belqrad şəhərinə səfər etmişdir. 22 oktyabr 2013-cü il tarixində keçən görüşdə Azərbaycan təmsilçiləri 3-0 hesabı ilə qələbə qazanmışlar.

21-27 oktyabr 2013-cü il tarixlərində Serbiyanın Belqrad şəhərinin Umçari qəsəbəsində keçirilən UNESCO düşərgəsində Bakı şəhəri 46 və 145 saylı tam orta məktəblərin, eləcə də Xətai rayonu 3 saylı uşaq evinin şagirdləri iştirak etmişlər.

6-11 noyabr 2013-cü il tarixlərində Serbiyanın Novi Sad şəhərində keçirilən “Kiçik Balıqqulaqları” VII Beynəlxalq Uşaq Musiqi Festivalında Azərbaycanı doqquz yaşlı Həsən Rəhimov təmsil etmiş və o, müsabiqənin “Ən çox tamaşaçı rəğbəti qazanmış iştirakçı” mükafatına layiq görülmüşdür.

22-23 noyabr 2013-cü il tarixlərində Nizami Kino Mərkəzində keçirilən Birinci Bakı Beynəlxalq turizm filmləri festivalında “Mədəniyyət, ənənə” kateqoriyasında Serbiya istehsalı olan filmlər də nümayiş etdirilmişdir.

2013-2014-cü tədris ilindən etibarən Serbiya Hökumətinin “Dünya Serbiyada” təhsil proqramı çərçivəsində Belqrad Universiteti hər il bir nəfər azərbaycanlı tələbə (bakalavr, magistr və ya doktorantura mərhələləri) üçün təqaüd ayırmışdır.

28 fevral-9 mart 2014-cü il tarixlərində keçirilən 42-ci Belqrad Beynəlxalq Kinofestivalı - “FEST”də Azərbaycan rejissor Şamil Əliyevin “Çölçü” filmi ilə təmsil olunmuşdur.

26 aprel 2014-cü il tarixində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Respublikasının Serbiya Respublikasındakı Səfirliyinin dəstəyi, habelə Novı Sad Beynəlxalq Musiqi Festivalının (NOMUS) təşkilatçılığı ilə Serbiyanın mədəniyyət və incəsənət paytaxtı hesab edilən Novı Sad şəhərində Azərbaycanın  dünya şöhrətli musiqiçisi, artıq UNESCO-nun Ümumdünya Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilmiş milli muğamımızı caz musiqisi ilə ahəngləşdirərək beynəlxalq səviyyədə tanıdan Vaqif Mustafazadənin layiqli davamçısı Əzizə Mustafazadənin möhtəşəm konserti keçirilmişdir.

15 may 2014-cü il tarixində Belqrad şəhərindəki “Laguna” kitab evində  tanınmış serb yazıçısı Yasmina Mixayloviçin “Xəzər dənizinin sahilində” kitabının təqdimatı olmuşdur. Müəllif nəşrində Azərbaycanın ev sahibliyi etdiyi “Eurovision-2012”mahnı müsabiqəsi ərəfəsində ölkəmizə səfəri ilə bağlı xatirələrini bölüşmüşdür.

19 may 2014-cü il tarixində Serbiya Respublikası Hökumətinin müraciətinə əsasən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin birbaşa göstərişi ilə Serbiyada baş vermiş sel və daşqınların törətdiyi təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədi ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən xüsusi təyyarə reysi ilə gətirilən 400 000 avro dəyərində humanitar yardım Belqrad hava limanında Serbiyanın aidiyyəti qurumlarına təhvil verilmişdir.

19-21 may 2014-cü il tarixlərində Bakıda Heydər Əliyev adına Respublika Sarayında keçirilən “Univision” tələbələrin II Beynəlxalq mahnı müsabiqəsində Serbiyadan “Band Srcana Markoviça” musiqi qrupu iştirak etmişdir.

27-29 may 2014-cü il tarixlərində keçirilən “Dünya Gənc Alimlərinin Beynəlxalq Bakı Forumu”nda serbiyalı gənc alimlər iştirak etmişlər.

15 iyun 2014-cü il tarixində Milli qurtuluş günü münasibətilə 10 000 kilometrlik motoyürüşə “Azərbaycanı Avropada tanıdaq” devizi ilə çıxan ANS Şirkətlər Qrupunun rəhbəri Vahid Mustafayevin başçılıq etdiyi azərbaycanlı baykerlər qrupu Belqrad şəhərində olmuş, Azərbaycan Respublikasının Serbiyadakı Səfirliyinin əməkdaşları ilə birgə Azərbaycan Hökumətinin dəstəyi ilə əsaslı təmir və bərpa edilmiş Taşmaydan parkını ziyarət etmiş və Ümummilli lider Heydər Əliyevin burada ucaldılmış abidəsi önündə tər çiçəklər qoymuşlar.

16-19 iyun 2014-cü il tarixlərində Bakı şəhərində keçirilmiş Azərbaycan Yazıçılarının XII Qurultayı və Azərbaycan Yazıçılar Birliyinin (AYB) 80 illik yubileyi ilə əlaqədar tədbirlərdə Serbiya Yazıçılar İttifaqının sədri Radomir Andriç və həmin ittifaqının üzvü Qordana Andriç iştirak etmişlər

25-27 iyun 2014-cü il tarixlərində Belqrad şəhər Mədəniyyət Mərkəzinin, Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin və Azərbaycan Respublikasının Serbiya Respublikasındakı Səfirliyinin birgə təşkilatçılığı ilə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Rasimə Babayeva Belqrad şəhərində keçirilən Orqan Günləri 14-cü Beynəlxalq Festivalında iştirak etmişdir. R.Babayeva səfər çərçivəsində Belqrad Universiteti İncəsənət Akademiyasının tələbələrinə ustad dərsləri keçmiş, habelə 27 iyun tarixində onun Müqəddəs Məryəm Katedral Kilsəsində möhtəşəm konserti olmuşdur. Konsertdə dünya bəstəkarları ilə yanaşı Belqradda ilk dəfə olaraq görkəmli Azərbaycan bəstəkarları Nazim Əliverdibəyov, Vasif Adıgözəlov, Qara Qarayev, Vaqif Mustafazadə və Xəyyam Mirzəzadənin əsərləri ifa olunmuşdur. R.Babayevanın ifası yerli və xarici tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanmışdır. 

31 iyul 2014-cü il tarixində Azərbaycan Respublikasının Serbiya Respublikasındakı Səfirliyi, Serbiya-Azərbaycan Ticarət Palatası və Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Serbiyanın Loznitsa şəhərində may ayında baş vermiş sel fəlakətdən əziyyət çəkən insanlara humanitar yardım göstərilmişdir.

1-5 sentyabr 2014-cü il tarixlərində Serbiyanın Veliko Qradişte şəhərində keçirilən SİLAFEST – VI Beynəlxalq Turizm və Ekologiya Filmləri Festivalında azərbaycanlı rejissor Mariya İbrahimovanın müəllifi olduğu “Azərbaycan: Şərqin Avropa cazibəsi” adlı filmi festivalın ən yaxşı turizm filmi mükafatına layiq görülmüşdür.

16-22 sentyabr 2014-cü il tarixlərində ümumilikdə 23 ölkədən 30-dan çox ədibin iştirak etdiyi Yazıçıların 51-ci Belqrad Beynəlxalq Toplantısında Azərbaycanı Yazıçılar Birliyinin Bədii tərcümə və ədəbi əlaqələr mərkəzinin sədri Səlim Babullaoğlu və “Ulu çinar” jurnalının baş redaktoru Elxan Zal təmsil etmişlər.

30 sentyabr 2014-cü il tarixində Belqrad şəhərindəki Serbiya Milli Teatrında Serbiya və ümumilikdə Qərbi Balkan regionunda böyük nüfuza malik “Kariç Fondu” tərəfindən təsis olunmuş “Kariç qardaşları” mükafatlarının on yeddinci təqdimetmə mərasimi keçirilmişdir. “Kariç qardaşları”nın 2014-cü il üçün beynəlxalq mədəniyyət və incəsənət sahəsində ədəbiyyat nominasiyası üzrə mükafatı Azərbaycanın Xalq Yazıçısı Elçinə təqdim edilmişdir. Mükafatı millət vəkili, görkəmli ictimai xadim, Serbiya Parlamentində Azərbaycanla dostluq qrupunun üzvü Draqomir Kariç və “Kariç Fondu”nun prezidenti Danitsa Kariç Elçinə təqdim etmişlər. Tədbir zamanı serbiyalı musiqiçilərin ifasında Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilmişdir.  

1 oktyabr 2014-cü il tarixində Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdində kitabxananın təntənəli açılışı olmuşdur. Tədbirdə Azərbaycan Respublikası baş nazirinin müavini Elçin Əfəndiyev, Serbiya Parlamentində Azərbaycanla əməkdaşlıq üzrə dostluq qrupunun üzvləri, Serbiya Respublikası Mədəniyyət və İnformasiya Nazirliyinin nümayəndələri, Serbiya Milli Kitabxanasının, Belqrad şəhər Kitabxanasının, Belqrad Universiteti Tələbə Kitabxanasının, habelə Serbiya Arxivinin, Yuqoslaviya Arxivinin, Novi Sad Universitetinin rəhbərliyi, Serbiyanın aparıcı KİV-lərinin nümayəndələri, Azərbaycan Respublikasının Serbiya Respublikasındakı Səfirliyinin, eləcə də Azərbaycan Mədəniyyət Mərkəzinin və Serbiya-Azərbaycan Ticarət Palatasının əməkdaşları iştirak etmişlər.

1-6 oktyabr 2014-cü il tarixlərində Belqrad şəhərində hər il ənənəvi olaraq keçirilən “Avropanın sevinci” Beynəlxalq Uşaq Festivalında Bakı Xoreoqrafiya Akademiyasının nəzdində fəaliyyət göstərən məktəbin şagirdləri uğurla iştirak etmiş, Belqrad şəhərindəki “Sava” mərkəzində keçirilən konsertdə həmyerlilərimizin ifa etdiyi Azərbaycan milli rəqs nömrələri yerli və xarici tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılanmışdır.

2-3 oktyabr 2014-cü il tarixlərində keçirilmiş IV Bakı Beynəlxalq Humanitar Forumunda Serbiya nümayəndə heyəti iştirak etmişdir.

16-19 oktyabr 2014-cü il tarixlərində Belqradda keçirilən Balkan kulinariya çempionatında Azərbaycan kulinarları da iştirak etmiş, gənclərin komanda yarışında aşpazlarımız üçüncü, peşəkarların komanda yarışında isə dördüncü yerləri tutmuşlar.

20 oktyabr 2014-cü il tarixində Belqrad şəhərinin faşist işğalından azad olunmasının 70 illiyi ilə əlaqədar Serbiyanın RTS kanalında (Serbiya Dövlət Yayım Korporasiyası) nümayiş etdirilmiş sənədli filmdə IV Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmiş RTS-in baş redaktorunun müavini Boyan Brkiçin Belqradın azad olunmasında bilavasitə iştirak etmiş, 90% azərbaycanlılardan təşkil olunmuş “Qırmızı bayraqlı 223-cü Belqrad diviziyası”nın döyüşçüsü olmuş, müharibə veteranı Zülfəli Əliyevdən aldığı müsahibə, eləcə də qeyd olunan diviziya haqqında xüsusi məlumat verilmişdir.

30 noyabr - 4 dekabr 2014-cü il tarixlərində Serbiya Elmlər və İncəsənət Akademiyasının (SANU) prezidenti, akademik Nikola Xaydinin dəvəti əsasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadənin başçılıq etdiyi nümayəndə heyəti Serbiyada səfərdə olmuşdur. İkitərəfli görüşlər zamanı Azərbaycanla Serbiya arasında münasibətlərin qısa zaman ərzində strateji tərəfdaşlıq səviyyəsinə qalxmasından məmnunluq ifadə edilmiş, bu münasibətlərin elm sahəsi də daxil olmaqla müxtəlif istiqamətlərdə daha da genişləndirilməsinin vacibliyi vurğulanmış, iki ölkənin müvafiq elmi-tədqiqat institutları arasında əməkdaşlıq, təcrübə mübadiləsi, qarşılıqlı maraq doğuran sahələr üzrə birgə layihələrin həyata keçirilməsi məsələləri ətraflı müzakirə edilmişdir. İkitərəfli görüşlərin yekununda AMEA ilə SANU arasında əməkdaşlıq haqqında saziş və buna əlavə protokol imzalanmışdır.

15 dekabr 2014-cü il tarixində Belqrad şəhər Meriyasının “Təntənəli” zalında Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyi ilə əlaqədar Azərbaycan Respublikasının Serbiya Respublikasındakı Səfirliyinin, eləcə də Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə təntənəli tədbir keçirilmişdir. Tədbir çərçivəsində Azərbaycan və Serbiya bəstəkarlarının əsərlərinin ifa olunduğu konsert, Naxçıvanın və Azərbaycanın digər bölgələrinin tarixi abidələrinin və təbiət mənzərələrinin əks olunduğu fotosərgi təşkil olunmuş, eləcə də Naxçıvan torpağının görkəmli oğlu, dünya şöhrətli dramaturq Cəlil Məmmədquluzadənin serb dilinə tərcümə olunmuş və nəşr edilmiş “Seçilmiş əsərləri” kitabının təqdimatı keçirilmişdir.

26 dekabr 2014-cü il tarixində Azərbaycan Respublikasının Serbiya Respublikasındakı Səfirliyinin əməkdaşlarının, eləcə də Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin və Serbiya-Azərbaycan Ticarət Palatasının təmsilçilərinin müşayiəti ilə qarşıdan gələn Yeni il bayramı münasibəti ilə Azərbaycan tərəfi adından Belqrad şəhərindəki “Məhdud imkanlı uşaqlar və gənclər üçün gündəlik baxım Mərkəzi”nə humanitar yardım təqdim edilmişdir.

25-28 dekabr 2014-cü il tarixlərində Azərbaycan Veteranlar Şurasının sədr müavini Cəlil Xəlilov Serbiya Generallar və Admirallar Klubunun dəvəti əsasında Serbiyada səfərdə olmuşdur. Səfər çərçivəsində C.Xəlilov Serbiyanın Generallar və Admirallar Klubunda, eləcə də Veteranlar Şurasında görüşlər keçirmişdir. Görüşlərdə Azərbaycanla Serbiyanın müvafiq qurumları arasında əməkdaşlığın genişləndirilməsi və təcrübə mübadiləsinin aparılması məsələləri müzakirə edilmişdir.

9 dekabr 2014-cü il tarixində “Serbiya Olimpiya Komitəsinin günü” münasibəti ilə Serbiya Parlamentinin binasında keçirilən təntənəli tədbirdə 2015-ci ildə Bakı şəhərində keçiriləcək ilk Avropa Oyunları barədə videosüjet təqdim edilmişdir. Hər il ənənəvi olaraq təşkil edilən və Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliç ilə yanaşı Serbiyanın hökumət nümayəndələrinin, parlamentin üzvlərinin, burada akkreditə olunmuş diplomatik missiyaların təmsilçilərinin də iştirak etdiyi bu möhtəşəm tədbir RTS kanalı (Serbiya Dövlət Yayım Korporasiyası) tərəfindən canlı yayımlanmışdır. Tədbirdə 2014-cü il üçün Serbiyanın ən yaxşı idmançılarına Serbiya Olimpiya Komitəsinin xüsusi mükafatları təqdim edilmiş, tədbirin keçirildiyi səhnənin önündə “Bakı2015”lövhəsi asılmışdır.

4 mart 2015-ci il tarixində Belqrad şəhərində “Bakı-2015”ilk Avropa Oyunlarına 100 gün qalması münasibətilə tədbir keçirilmişdir. Şəhərin mərkəzi meydanlarından biri olan “Teraziye”də quraşdırılmış “Bakı-2015”ilk Avropa Oyunlarının başlayacağı vaxtı göstərən gerisayım saatının önündə keçirilmiş tədbirdə bu ölkədən olan idmançılar, idman ictimaiyyətinin nümayəndələri, jurnalistlər və Azərbaycan Respublikasının Serbiya Respublikasındakı Səfirliyinin əməkdaşları iştirak etmişlər. Tədbirə qatılan “İvo Andriç” ibtidai məktəbinin şagirdləri ilk Avropa Oyunlarına 100 gün qalmasını rəmzi şəkildə nümayiş etdirmək üçün meydanda 100 rəqəmi formasında düzülmüş, bununla onlar Olimpiya hərəkatının önəmini və bəşəri dəyər olmasını göstərməyə çalışmışlar.

Serbiya Respublikasının Prezidenti cənab Tomislav Nikoliçin 26 mart 2015-ci il tarixli Fərmanı ilə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevə Serbiya Respublikası qarşısında ictimai, mədəniyyət və humanitar fəaliyyət sahəsində xüsusi xidmətlərinə görə Serbiya Respublikasının yüksək dövlət mükafatı - “Sreten Ordeni” ilə təltif edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2015-ci ildə Azərbaycanın görkəmli şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyinin qeyd edilməsi barədə müvafiq Sərəncamı əldə rəhbər tutularaq, Azərbaycan Respublikasının Serbiya Respublikasındakı Səfirliyi Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin və burada yaşayan həmvətənlərimizin təşəbbüsü əsasında böyük şairimizin dost və strateji tərəfdaş Serbiyada yaxından tanıdılması və adının Belqrad şəhərinin küçələrindən birinə verilməsi üçün Belqrad şəhər Meriyasına müraciət etmişdir. Bununla əlaqədar, Belqrad şəhərinin Meriyası və Parlamenti, 23 iyun 2015-ci il tarixli iclasında, Tsrnotravske-dən başlayaraq Borska ilə Pere Velemiroviç küçələrinin kəsişməsinədək davam edən küçəyə - Bəxtiyar Vahabzadə küçəsi - adının verilməsi haqqında Qərar qəbul etmişdir. 16 avqust 2015-ci il tarixində isə Azərbaycan Respublikasının Serbiya Respublikasındakı Səfirliyinin və Belqrad şəhər meriyasının birgə təşkilatçılığı ilə qeyd olunan küçənin təntənəli açılış mərasimi keçirilmişdir. Tədbirdə Belqrad şəhər meriyasının, Rakovitsa, Vojdovaç və Savski Venaç bələdiyyələrinin rəhbərlikləri, Serbiya Xarici İşlər Nazirliyinin nümayəndələri, parlamentin üzvləri, Serbiyada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təmsilçiləri və Serbiyada yaşayan azərbaycanlılar, bu ölkənin ziyalıları, mədəniyyət və incəsənət xadimləri iştirak etmişlər. Səfirliyimiz tərəfindən Belqrad şəhər Meriyasına edilən bu müraciətə müsbət cavabın verilməsi heç şübhəsiz Azərbaycanın apardığı məqsədyönlü xarici siyasətin əməli nəticəsinin, beynəlxalq aləmdə, o cümlədən Qərbi Balkanlar və Serbiyada davamlı artan nüfuzunun, eləcə də dost və strateji tərəfdaş Serbiya ilə Azərbaycan arasında yüksək səviyyəli münasibətlərin növbəti bariz nümunəsidir.

27 iyun 2015-ci il tarixində “Serbiya Avropa ritmində” qeyri-hökumət təşkilatı ilə Serbiyanın Novi Beçey şəhər bələdiyyəsi arasında bağlanmış müqavilə əsasında Novi Beçey şəhər məktəblilərinin iştirakı ilə bu şəhərdə Serbiya-Azərbaycan dostluq konserti keçirilmişdir. Konsertin açılışında Novi Beçeyli məktəblilər Azərbaycanın və Serbiyanın himnlərini oxumuşlar. Novi Beçey şəhər rəhbərliyinin dəvəti əsasında Azərbaycan Respublikasının Serbiya Respublikasındakı Səfirliyinin əməkdaşı, eləcə də Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin və Serbiya-Azərbaycan Ticarət Palatasının təmsilçiləri qeyd olunan konsertdə iştirak etmişlər.

2 iyul 2015-c il tarixində Belqrad şəhərində burada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə gənc azərbaycanlı rəssam Çingiz Mehbalıyevin “İkinci addım” adlı fərdi rəsm sərgisi açılmışdır. Məşhur serb rəssamı və yazıçısı Cura Yakşiçin ev muzeyində keçirilən sərgidə Ç.Mehbaliyevin realizm, sürrealizm üslubunda çəkilən və müxtəlif mövzuları əhatə edən rəngkarlıq, qrafika əsərləri nümayiş olunmuşdur. Dörd gün davam edən sərgidə təqdim olunan bəzi rəsmlər ilk dəfədir ki, açıq sərgi salonunda nümayiş olunmuşdur. “Hacı Zeynalabdin Tağıyev şollar su kəmərinin çəkilişində”, “Qarabağdan buket”, “Uzaqlaşan gələcək”, “Uçan xalça” belə rəsmlərdəndir. Açılış mərasimində Serbiya Milli Teatrının solisti Nataşa Yoviç və onu müşayiət edən musiqiçilərin ifasında “Bugün ayın üçüdür” Azərbaycan xalq mahnısı ifa olunmuşdur.  

2016-cı il martın 19-da Belqradın mərkəzindəki Taşmaydan parkında Beynəlxalq Novruz Günü münasibəti ilə tədbir keçirilmişdir. Azərbaycanın Serbiyadakı səfirliyinin dəstəyi və Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə mərkəzin direktoru Zərifə Əlizadə qədim Şərqdə baharın gəlişini, təbiətin oynaşını təmsil edən, bolluq, bərəkət rəmzi olan Novruz haqqında məlumat vermiş, Azərbaycan xalqının ən əziz bayramlarından biri olan Novruz 2009-cu ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib, 2010-cu il martın 21-də BMT-nin Baş Məclisi tərəfindən “Beynəlxalq Novruz Günü” elan olunduğunu bildirmişdir. Sonra Azərbaycanın milli geyimlərində olan uşaqlar Novruzun atributlarından olan tonqal ətrafında dövrə vuraraq “yallı” rəqsini nümayiş etdirmişlər. Serbiyanın tanınmış opera müğənnisi Nataşa Yoviç “Bu gün ayın üçüdür”, serb müğənni İvana Munca isə “Sarı gəlin”, “Laçın” və digər Azərbaycan xalq mahnılarını ifa etmişlər. Serbiyada fəaliyyət göstərən həmvətənlərimizin övladlarının ifasında “Naz eləmə”, “Uzundərə” və “Nəlbəki” rəqsləri, habelə Azərbaycanın Xalq Artisti Polad Bülbüloğlunun repertuarından “Şən Azərbaycan” mahnısı ətrafa toplaşan yerli sakinlər və Belqrad şəhərinin qonaqları tərəfindən maraqla qarşılanmışdır. Sonda tədbir iştirakçıları səməni, rəngbərəng yumurtalar və Azərbaycan mətbəxinə məxsus ləziz şirniyyatlar, o cümlədən şəkərbura, paxlava, qoğal ilə bəzədilmiş süfrəyə dəvət edilmişlər.

2016-cə il iyunun 19-da Serbiyanın Çupriya şəhərində “Serbiya Avropa ritmində” layihəsinin çərçivəsində final konserti keçirilmişdir. Avropa İttifaqının üzvü, eləcə də Serbiyanın dostu olan digər ölkələrin (ümumilikdə 20 ölkə) səfirlikləri ilə əməkdaşlığın qurulduğu Serbiya şəhərlərinin məktəblilərinin müsabiqəsində Azərbaycanı Varvarin şəhərinin məktəbliləri təmsil etmişlər. Onlar Polad Bülbüloğulunun repertuarından “Şən Azərbaycan” mahnısını uğurla ifa etmiş, onların çıxışı böyük maraqla qarşılanmışdır. Tədbirdə Azərbaycanın Serbiyadakı Səfirliyinin əməkdaşları və Belqrad şəhərindəki Azərbaycan Mədəniyyət Mərkəzinin nümayəndələri iştirak etmişlər.  

 

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən təşkil edilən və Azərbaycanın Serbiyadakı Səfirliyinin təşkilati dəstək verdiyi “Mən Azərbaycan haqqında nə bilirəm?” inşa müsabiqəsinin Serbiyadan olan qalibləri 9-18 iyul 2016-cı il tarixlərində Azərbaycanda səfərdə olmuşlar. Serbiya da daxil olmaqla bir neçə ölkədən olan qaliblər səfər çərçivəsində ölkəmizin tarixi və mədəni abidələrini, muzeylərini,
Heydər Əliyev Mərkəzini, ADA Universitetini, İsmayıllı, Qəbələ, Şəki şəhərlərini ziyarət etmiş, Azərbaycan zəngin mədəni-tarixi irsi ilə tanış olmuşlar.

Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr mərkəzinin sədri, şair Səlim Babullaoğlu 2016-cı il 20-26 iyul tarixlərində Serbiyada keçirilən doqquzuncu beynəlxalq  incəsənət festivalında iştirak etmişdir. Festival çərçivəsində S.Babullaoğluna 2016-cı il üzrə ARTE beynəlxalq ədəbiyyat mükafatı verilmişdir. Bu mükafat uzun illər ədəbi yaradıcılıqla məşğul olmuş, eyni zamanda ədəbi qurumlar, müxtəlif ölkələrdəki ədəbiyyatçılar, tərcüməçilər, tənqidçilər arasında əlaqələrin yaradılmasında xidmətləri olan insanlara verilir. 

5 oktyabr 2016-cı il tarixində Belqrad şəhərində “Avropanın sevinci” ənənəvi uşaq musiqi festivalının qala konserti keçirililmişdir. Bu ilki festival dünya şöhrətli serb alimi Nikola Teslanın 160 illik yubileyinə həsr olunmuşdur. Dünyanın müxtəlif ölkələrindən uşaq musiqi qruplarının iştirak etdiyi tədbirdə Azərbaycanı Bakı Xareoqrafiya Akademiyasının şagirdləri təmsil etmişlər. Onların çıxışları tamaşaçılar tərəfindən maraqla qaşılanmışdır.

2016-cı il oktyabrın 7-də Serbiyanın RTS 1televiziya kanalının səhər verilişində Xarici siyasət şöbəsinin redaktor müavini, V Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı Neboyşa Kotlayiç  Forum haqqında izləyicilərə məlumat vermişdir. O, Forumda dünyanın bir çox ölkələrindən  olan siyasətçilər, elm adamları və jurnalistlərin bir araya gələrək müxtəlif qlobal humanitar problemləri müzakirə etdiklərini bildimişdir. Öz çıxışının miqrasiya probleminə həsr olunduğunu qeyd edən Kotlyayiç, Bakının gözəlliyi, qədim və müasir binaların ahəngi, Serbiya-Azərbaycan münasibətləri, ölkəmizin Serbiyada həyata keçirdiyi humanitar və iqtisadi fəaliyyət barədə xoş sözlər söyləmişdir.

2016-cı il dekabrın 23-də Serbiyanın paytaxtı Belqrad şəhərində yerləşən və Cənub-Şərqi Avropanın ən qədim elmi-tədqiqat ocaqlarından olan Beynəlxalq Siyasət və İqtisadiyyat İnstitutunda Azərbaycanın Serbiyadakı Səfirliyinin dəstəyi ilə Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən “Multikulturalizm: Azərbaycanın təcrübəsi” mövzusunda konfrans və professor Zərifə Əlizadə və filologiya üzrə fəlsəfə doktoru Lalə Məcidovanın müəllifi olduqları “Azərbaycanın tanınmış qadınları/serb xalqının tanınmış qadınları” adlı kitabın təqdimatı keçirilib. Kitab Azərbaycan və serb dillərində nəşr olunub. Tədbirdə Serbiyanın ictimai, siyasi, elm və mədəniyyət xadimləri, ziyalılar, o cümlədən Serbiya Elm və İncəsənət Akademiyasının və Serbiya Yazıçılar İttifaqının üzvləri, Belqraddakı diplomatik korpusun nümayəndələri, Serbiya-Azərbaycan Ticarət Palatasının və Serbiya-Azərbaycan Dostluq Cəmiyyətinin, Azərbaycan icmasının üzvləri, burada təhsil alan azərbaycanlı tələbələr, Azərbaycansevərlər və mətbuat nümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikasının Serbiya Respublikasındakı Səfirliyinin təşəbbüsü ilə “Görkəmli şəxsiyyətlərin həyatı silsiləsi”ndən “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev”, Heydər Əliyev Fondunun nəşr etdiyi “Qarabağ həqiqətləri” və “Üzeyir Hacıbəyli” kitabları,  həmçinin Rəsul Rzanın “Rənglər” şerlər toplusu, İkinci Dünya Müharibəsi illərində Azərbaycan ərazisində yaradılmış azərbaycanlılardan ibarət 223-cü Belqrad diviziyasının komandirlərindən olmuş Baxış Mehdiyevin “Qırmız Bayraqlı 223-cü Belqrad Diviziyası”, Elçin Əfəndiyevin “Ölüm hökmü”, Cəlil Məmmədquluzadənin “Seçilmiş əsərləri”, Ziya Bünyadovun “Azərbaycan VII-IX əsrlərdə”, Çingiz Abdullayevin “Avropanın opponentləri”, Bəhram Bağırzadənin “Sevdiyim yeməklər” kitabları serb dilinə, serb yazıçıları Milorad Paviçin “Xəzər lüğəti” və İvo Andriçin “Drina üzərindəki körpü” kitabları isə Azərbaycan dilinə tərcümə olunaraq nəşr edilmiş, eyni zamanda serbcə-azərbaycanca lüğət və danışıq kitabçası tərtib edilmiş, 5 oktyabr 2011-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin “Salnamə” kinostudiyasının istehsal etdiyi və “223-cü Belqrad diviziyası”na həsr olunmuş sənədli filmin Belqrad şəhərində təqdimatı keçirilmiş, 14 mart 2012-ci ildə Azərbaycan Akademik Milli Dram Teatrının quruluşunda yazıçı-publisist Hüseynbala Mirələmovun “Xəcalət” tamaşası Belqrad şəhərində fəaliyyət göstərən “Slaviya” teatrında səhnəyə qoyulmuşdur.

Humanitar sahədə əsas saziş və müqavilələr:

  1. Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Serbiya Respublikasının Təhsil və Elm Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş. Belqrad, 8 iyun 2011;
  2. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Serbiya Respublikasının Gənclər və İdman Nazirliyi arasında gənclərlə iş və idman sahəsində əməkdaşlıq haqqında Saziş. Belqrad, 8 iyun 2011;
  3. Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş. Belqrad, 8 iyun 2011.

Müqavilə-hüquq bazası:

Azərbaycan ilə Serbiya arasında 31 ikitərəfli sənəd imzalanmışdır.

 

13.12.2018 tarixində yenlənmişdir.